Fransanın ən məşhur muzeyi olan "Louvre Museum"un direktoru Laurence des Cars Prezidentə istefa ərizəsi təqdim edib. Bu barədə Yelisey sarayı məlumat yayıb. Prezident Emmanuel Macron istefanı qəbul edib.
Makron de Karsın qərarını “məsuliyyət nümunəsi” adlandırıb və bildirib ki, muzeyin hazırkı mərhələdə sakitliyə və yeni güclü impulsə ehtiyacı var. Söhbət tikinti, modernizasiya, təhlükəsizlik tədbirləri və “Luvr – Yeni Renessans” layihəsinin həyata keçirilməsindən gedir.
Prezident onun peşəkarlığını yüksək qiymətləndirib və Fransanın G7-yə sədrliyi dövründə “Böyük Yeddilik” ölkələrinin muzeyləri arasında əməkdaşlığın təşkili ilə bağlı missiyanı ona həvalə edə biləcəyini qeyd edib.

Xatırladaq ki, de Kars 2025-ci ilin oktyabrında baş vermiş səs-küylü oğurluqdan qısa müddət sonra istefa vermək istəmişdi. Həmin vaxt Makron ondan vəzifədə qalmağı xahiş etmişdi.
19 oktyabrda dörd nəfərlik qrup Luvrdan imperator ailəsinə məxsus səkkiz zinət əşyasını oğurlamışdı. Ümumi dəyəri 88 milyon avro olan qiymətli əşyalar “Apollon qalereyası”ndan aparılmışdı. Cinayətkarlar muzey divarı boyunca xüsusi qaldırıcı maşın park etmiş, balkon qapısını sındırmış və vitrinləri yararaq qaçmışdılar.
Dörd şübhəli saxlanılıb, lakin oğurlanan zinət əşyalarının əksəriyyəti hələ də tapılmayıb. Yalnız imperatriça Yevgeniyanın tacı qaçış zamanı düşdüyü üçün geri qaytarılıb.

