ABŞ Dövlət Departamenti İsraildə vəziyyətin kəskinləşməsi fonunda diplomatik heyətin bir hissəsinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Bu barədə ABŞ-ın İsraildəki səfirliyinin rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, fevralın 27-dən etibarən kritik zəruri funksiyaları yerinə yetirməyən əməkdaşlara və onların ailə üzvlərinə ölkəni tərk etməyə icazə verilib.
“İsraildə təhlükəsizlik riskləri ilə əlaqədar diplomatik missiyanın kritik vəzifələrə cəlb olunmayan əməkdaşlarının və onların ailə üzvlərinin çıxışı sanksiyalaşdırılıb”, – deyə bəyanatda bildirilib.
Bununla yanaşı, səfirlik əməkdaşlarının və onların yaxınlarının bəzi ərazilərdə, o cümlədən Qüdsün Köhnə şəhərində və İordan çayının qərb sahilində hərəkətinə əlavə məhdudiyyətlər tətbiq edilə bilər.
ABŞ vətəndaşlarına isə imkan olduğu müddətdə kommersiya reysləri ilə İsraili tərk etmələri qəti şəkildə tövsiyə olunub.

