Amerikalı jurnalist Taker Karlson İsraildən çıxarkən sorğu-sual edildiyini bildirib. Bu barədə o, Daily Mail nəşrinə açıqlamasında danışıb.
Karlson fevralın 18-də ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ilə müsahibə yazmaq üçün ölkəyə səfər etmişdi. Onun sözlərinə görə, hava limanında özlərini təhlükəsizlik əməkdaşları kimi təqdim edən şəxslər pasportlarını götürüb, icraçı prodüseri ayrıca otağa aparıblar və səfirlə nə danışdıqlarını soruşublar.
Onlar pasportlarımızı götürdülər, prodüserimizi ayrıca otağa apardılar və Hakabi ilə nə barədə danışdığımızı soruşdular. Bu, vəhşi idi. Biz artıq ölkəni tərk etmişik.
Nəşr qeyd edir ki, Karlson Qəzza ilə bağlı İsraili tez-tez tənqid edən konservativ şərhçilərdən biridir. Mənbələrin iddiasına görə, İsrail hökuməti əvvəlcə onun ölkəyə girişinə icazə vermək istəməyib və məsələ ABŞ Dövlət Departamenti səviyyəsində müzakirə olunub.
Lakin ABŞ səfirliyi Karlsonun saxlanılması faktını təkzib edib. Diplomatların açıqlamasında bildirilir ki, ona pasport nəzarəti zamanı “digər çoxsaylı ziyarətçilərə verilən eyni suallar” ünvanlanıb və bu, adi prosedurdur.
Səfirlik həmçinin çəkiliş qrupunun ölkəyə buraxılmaması ilə bağlı iddiaları da rədd edib və Karlsonun İsraildə cəmi bir neçə saat qalmaq qərarını özünün verdiyini bildirib.

