Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin üzvlərini Avropa dəyərlərindən uzaqlaşmaqda, ölkədə azad mediaya hücum etməkdə və vizasız rejimin ləğvi ilə bağlı təhdidlər vasitəsilə Gürcüstan xalqını şantaj etməkdə ittiham edib.
O bildirib ki, Avropa Parlamentində Gürcüstanda fəaliyyət göstərən “İmedi”, “Rustavi 2” və “PostTV” telekanallarına qarşı sanksiya tətbiqi və Gürcüstan vətəndaşları üçün Aİ ölkələrinə vizasız rejimin dayandırılması məsələsinin qaldırılması qəbuledilməzdir.
Avroparlamentarilər Gürcüstanda azad mediaya hücum edəndə və vizasız rejimin dayandırılması məsələsini qaldıranda bu, rüsvayçılıq və Gürcüstan xalqına qarşı şantajdır, deyə Kobaxidze jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Avropa Parlamentinin hazırladığı hesabat əsasında yaxın vaxtlarda Gürcüstanla bağlı yeni qətnamənin qəbul edilməsi gözlənilir.
İrakli Kobaxidze əlavə edib ki, Avropa bürokratları ölkədə qarışıqlıq və xaos yaratmaq istəyir və bunun üçün müxtəlif vasitələrdən, o cümlədən Aİ-yə inteqrasiya məsələsindən təzyiq aləti kimi istifadə edirlər.

