Türkiyənin Kırıkkale şəhərində 37 yaşlı kişi yemək süfrəsi arxasında yaranan mübahisə zamanı 60 yaşlı atasını bıçaqlayaraq öldürməkdə şübhəli bilinir.
Hadisə şəhərin Yenimahalle məhəlləsində, 165-ci küçədə yerləşən evdə baş verib.
Məlumata görə, sərxoş olduğu iddia edilən H.K.A. (37) ilə atası Vəli Aydoğdu (60) arasında yemək zamanı mübahisə yaranıb.
Mübahisə böyüdükdən sonra oğul atasının bel nahiyəsinə çörək bıçağı ilə zərbə endirməkdə şübhəli bilinir.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıb. Ağır yaralanan Vəli Aydoğdu Kırıkkale Universitetinin Tibb Fakültəsi Xəstəxanasına çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatını itirib.
37 yaşlı şübhəli cinayətdə istifadə edildiyi bildirilən çörək bıçağı ilə birlikdə polis tərəfindən saxlanılıb.
Hadisə yerində sübutlar toplanıb. Polis idarəsinin qətl hadisələrinin araşdırılması üzrə əməkdaşları istintaqı davam etdirirlər.

