Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ard-arda güclü partlayış səsləri eşidilib. Hadisə ilə əlaqədar ölkənin üç bölgəsində təhlükə xəbərdarlığı elan olunub.
Məlumata görə, Yəməndəki husilər tərəfindən Ər-Riyada doğru atılan iki ballistik raket Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü, general-mayor Turki əl-Maliki raketlərin havada aşkarlanaraq məhv edildiyini təsdiqləyib.
Hücum nəticəsində bir nəfər yüngül xəsarət alıb, yaşayış evinə və avtomobilə ziyan dəyib.
Hadisədən sonra Ər-Riyad, Əl-Xərc və Nəcran bölgələrində sakinlərə təcili təhlükəsizlik xəbərdarlıqları göndərilib.
Təxminən 20 dəqiqə sonra təhlükənin sovuşduğu açıqlanıb. Rəsmilər sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar.
Qeyd edək ki, son həftələr Səudiyyə Ərəbistanının müxtəlif bölgələri husilərin raket və pilotsuz uçuş aparatları ilə hücumlarına məruz qalır.

