Yaxın Şərqdə müharibənin dayandırılması üçün İranla danışıqlarda ABŞ-ın mövqeyinin sərtləşməsi neft bazarında qiymətləri yenidən artırıb.
Reuters yazır ki, bazar ertəsi WTI markalı ABŞ nefti təxminən 2,5 faiz bahalaşaraq bir barel üçün 89,60 dollar səviyyəsinə yüksəlib. Brent markalı neftin avqust tədarüklü fyuçersləri isə təxminən 2,2 faiz artaraq 93,16 dollar olub.
Qiymət artımı bazarda Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənliklə bağlıdır. Qlobal karbohidrogen tədarükünün mühüm hissəsinin keçdiyi bu marşrutun açılması ilə bağlı razılaşmaya ümidlər ötən həftə neftin qiymətini 11 faizdən çox ucuzlaşdırmışdı.
Lakin Vaşinqtonun Tehranla danışıqlarda daha sərt mövqe tutması və razılaşmanın hələ yekunlaşmaması investorların narahatlığını artırıb. Buna görə də neft qiymətləri həftəyə yenidən yüksəlişlə başlayıb.

