Vatikan dövlət başçısı və Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Avropanı miqrantların qorunması və cəmiyyətə inteqrasiyası məsələsində daha çox məsuliyyət götürməyə çağırıb.
Məlumatı Vatican News yayıb.
Papa bu çağırışı İtaliyanın Lampedusa adasına səfəri zamanı səsləndirib. Lampedusa Aralıq dənizi üzərindən Avropaya gəlməyə çalışan miqrantların əsas keçid məntəqələrindən biri hesab olunur.
XIV Leo çıxışında miqrantlara qarşı laqeydliyin qəbuledilməz olduğunu bildirib və Avropa ölkələrini yalnız sərhəd təhlükəsizliyi ilə kifayətlənməməyə, həm də insan ləyaqətinin qorunmasına diqqət yetirməyə çağırıb.
O, miqrantların qəbul edilməsi, qorunması və inteqrasiyası üçün daha humanist yanaşmaya ehtiyac olduğunu vurğulayıb.
Papa həmçinin miqrasiyanın səbəbləri ilə mübarizənin vacibliyini qeyd edib. Onun fikrincə, insanlar müharibə, yoxsulluq və təhlükəsizlik problemləri səbəbindən ölkələrini tərk etməyə məcbur qalır, buna görə də beynəlxalq ictimaiyyət uzunmüddətli həll yolları üzərində işləməlidir.
XIV Leonun Lampedusaya səfəri simvolik xarakter daşıyır. Onun sələfi Papa Fransisk də 2013-cü ildə ilk səfərlərindən birini məhz bu adaya etmiş və miqrantların faciəsinə diqqət çəkmişdi.

