Nigeriyanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində yerləşən Oyo ştatında 56 gün əvvəl oğurlanmış 44 məktəbli və müəllimi azad edib.
Bu barədə “Punch” qəzeti Nigeriya ordusunun açıqlamasına istinadən məlumat yayıb.
Əməliyyatda hərbçilər, polis və xüsusi xidmət orqanlarının əməkdaşları iştirak ediblər. Nəticədə oğurluqda şübhəli bilinən 8 nəfər saxlanılıb, silahlı qruplaşmanın daha bir neçə üzvü isə zərərsizləşdirilib.
Bildirilib ki, təhlükəsizlik qüvvələri bir aydan artıq müddətdə qruplaşmanın rəhbərlərini, məlumat ötürən şəxsləri, təchizat kanallarını və gizləndikləri yerləri müəyyənləşdiriblər.
“Punch”un məlumatına görə, 39 şagird və 7 müəllim mayın 15-də oğurlanıb. Hücum zamanı bir müəllim həlak olub, daha bir müəllim isə əsirlikdə oğrular tərəfindən öldürülüb.
Azad edilən şəxslər hazırda tibbi müayinədən keçirilirlər. Bundan sonra onlar ailələrinə qovuşmaları üçün ştat hakimiyyətinə təhvil veriləcəklər.

