ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun münaqişənin həlli ilə bağlı şərtlərini qəbul etməyəcəyi təqdirdə “Epik qəzəb” adlı yeni hərbi əməliyyatın keçirilə biləcəyini bildirib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tramp 2025-ci ilin iyununda ABŞ ordusunun İranın nüvə obyektlərinə endirdiyi zərbələri xatırladıb.
“Yadınızdadır, bu, gecə saat 1-də baş vermişdi. Qalanını isə fevralın 28-də başladığımız ‘Epik qəzəb’ əməliyyatı zamanı etdik. Ola bilsin, daha bir kiçik ‘Epik qəzəb’ əməliyyatı keçirək, ya da onlar şərtlərimizlə razılaşsınlar. Əgər ağıllıdırlarsa, sadəcə ‘Gəlin, məsələyə keçək’ deyəcəklər. Amma onların belə edəcəyinə şübhə edirəm. Çünki bəlkə də o qədər ağıllı deyillər”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin ötən ilin iyununda həyata keçirilən “Gecəyarısı çəkici” əməliyyatını xatırladıb. Onun sözlərinə görə, həmin əməliyyat zamanı ABŞ hərbçiləri İranın uranın zənginləşdirilməsi imkanlarını məhv ediblər.
ABŞ Prezidenti vəziyyətin bundan sonrakı inkişafının Tehran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul edib-etməyəcəyindən asılı olacağını bildirib.

