Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli nümayəndələri bu gün İranda bir araya gələcəklər.
“Reuters” agentliyinin məlumatına görə, oktyabrın 26-da Tehranda keçiriləcək görüşdə regional təhlükəsizlik və koordinasiya məsələləri müzakirə olunacaq.
Görüşdə Səudiyyə Ərəbistanını müdafiə naziri şahzadə Xalid bin Salman, Pakistanı ordu komandanı Asim Munir, Türkiyəni isə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın təmsil edəcək.
Danışıqlar İranın Ali Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə aparılacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan avqust ayında “Məkkə müdafiə paktı”nı imzalayıblar. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə silahlı hücum hər üç dövlətə qarşı hücum hesab olunur.
Tərəflərin Tehrandakı görüşü Yəməndəki husilərin Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücumlarının intensivləşdiyi bir vaxta təsadüf edir.
Bu, həmin üç ölkənin İranla birlikdə keçirəcəyi ilk yüksək səviyyəli görüş olacaq.

