Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalar davam edərkən Pakistan Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinə hərbi yardım göndərib.
Reuters agentliyinin məlumatına görə, İslamabad husilərin irəliləyişinin qarşısını almaq məqsədilə Yəmən hökumətinə dörd yük təyyarəsi ilə silah və hərbi texnika çatdırıb.
Ədən liman şəhərinə göndərilən hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, yüngül artilleriya vasitələri, pilotsuz uçuş aparatları (PUA) və PUA əleyhinə sistemlər daxildir.
Pakistanın dəstəyi yalnız silah və texnika ilə məhdudlaşmır. Pakistanlı hərbi müşavirlər səudiyyəli həmkarları ilə birlikdə Yəmən qüvvələrinə yerində dəstək göstərirlər.
Qərb və ərəb rəsmilərinin məlumatına görə, Səudiyyə Ərəbistanı husilərin Qırmızı dəniz sahillərinə tam nəzarəti ələ keçirməsinin qarşısını almaq üçün genişmiqyaslı hərbi əməliyyata hazırlaşır.
Pakistanın hərbi yardımı Yəməndə toqquşmaların intensivləşdiyi və husilərin irəliləyişinin dayandırılmasına çalışıldığı bir vaxta təsadüf edir.
Xatırladaq ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ilin sentyabrında husilərin paytaxt Sənanı və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra başlayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası isə 2015-ci ilin martından beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyir.
Son dövrlərdə hökumət qüvvələri ilə husilər arasında döyüşlər yenidən intensivləşib. Husilər hücumlara cavab verdiklərini bildirərək vaxtaşırı Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alırlar.

