Pakistan bayrağı altında üzən iki neft tankeri husilərin elan etdiyi dəniz blokadasına baxmayaraq Bab əl-Məndəb boğazından insidentsiz keçib.
“Əl-Cəzirə” Windward şirkətinə istinadən xəbər verir ki, tankerlər Səudiyyə Ərəbistanının Yanbu limanından çıxaraq Qırmızı dəniz və Bab əl-Məndəb boğazı vasitəsilə hərəkətlərini davam etdiriblər.
Hadisə Pakistan Xarici İşlər Nazirliyinin husilərə ünvanladığı sərt xəbərdarlıqdan bir neçə gün sonra baş verib. Nazirlik bildirmişdi ki, Pakistan bayraqlı hər hansı gəmiyə hücum ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək.
İyul ayında İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı zərbələr yenidən başlayıb. Husilər Səudiyyə gəmilərinə qarşı dəniz blokadası elan edərək Qırmızı dənizdə krallığa məxsus tankerləri hədəfə alıblar.
Hərəkat daha sonra blokadanın yalnız Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə deyil, krallığın limanlarına gedən və ya həmin limanlardan çıxan bütün dəniz nəqliyyatına şamil olunduğunu açıqlayıb.

