Sumqayıt şəhərinin fəxri olan Telman Əsgərov növbəti uğuruna imza atıb.
Den.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Milli Qəhrəman Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olan Telman buraxılış imtahanlarında maksimum nəticə göstərərək 300 bal toplayıb.
Bu nailiyyət onun yüksək səviyyəli hazırlığının, əzminin və zəhmətinin bariz göstəricisidir.
Telman Əsgərovun bu uğuru yalnız onun ailəsini və müəllimlərini deyil, həmçinin oxuduğu məktəbi və bütövlükdə Sumqayıt təhsil ictimaiyyətini də sevindirib. Onun dərsə olan marağı, mütaliəyə olan həvəsi və məqsədyönlü fəaliyyəti həmyaşıdlarına nümunə göstərilir.
Məktəbin müəllimləri bildirirlər ki, Telman dərslərdə daim fəal olub, suallara həmişə doğru və məntiqli cavablar verib. Onun bu nəticəyə çatmasında həm ailəsinin, həm də müəllimlərinin böyük rolu olub.
Telmanın qarşısında böyük hədəflər var. O, gələcəkdə ali təhsil müəssisəsində təhsilini davam etdirərək, ölkənin inkişafında pay sahibi olmaq istəyir. Bu uğur onun üçün başlanğıcdır – daha böyük zirvələrə doğru atılan ilk addımdır.
Bu möhtəşəm nəticəyə görə Telman Əsgərovu təbrik edir, gələcək imtahanlarda və həyat yolunda ona daha böyük uğurlar arzulayırıq!