Azərbaycan təhsilində daha bir gənc istedad öz imzasını atdı.
Den.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Texniki Təbiət Elmləri Liseyinin 11-ci sinif şagirdi Nihad Həsənov buraxılış imtahanında maksimum nəticə göstərərək 300 bal topladı. Bu uğur yalnız onun şəxsi zəhmətinin deyil, eyni zamanda məktəbin keyfiyyətli təhsil sisteminin və müəllimlərin peşəkar yanaşmasının parlaq nəticəsidir.
Sumqayıt təhsil sektorunun müdiri İman Ağayev, Nihadın timsalında uğur qazanan bütün şagirdi ürəkdən təbrik edib. Məlumat verilib ki, Nihad Həsənov uzun illərdir ki, dərslərində göstərdiyi yüksək nəticələrlə seçilirdi. Nihad, məktəbdə keçirilən fənn olimpiadalarında da fəal iştirak edib. Onun 300 bal toplaması təsadüfi deyil – bu, sistemli hazırlıq, məqsədyönlü çalışma və dayanmadan öz üzərində işləməyin nəticəsidir.
Müəllimlərinin sözlərinə görə, Nihad dərs prosesində hər zaman diqqətli, suallara maraqla yanaşan və dərin düşüncə tərzinə malik bir şagird olub. O, yalnız biliklərlə kifayətlənməyib, həm də fərqli mənbələrdən oxuyaraq öz dünyagörüşünü genişləndirib. Onun analitik təfəkkürü, məsuliyyətli yanaşması və intizamı bu uğurun əsas açarlarıdır.
Nihadın ailəsi də onun təhsilinə hər zaman böyük önəm verib. Evdə yaradılan sakit və dəstəkləyici mühit onun daha məhsuldar hazırlaşmasına şərait yaradıb.
Nihad Həsənov gələcək planları haqqında danışıb. Onun arzusu, ölkəmizin inkişafına töhfə verəcək yüksək ixtisaslı bir mütəxəssis olmaqdır.
Bu möhtəşəm nəticəyə görə Nihad Həsənovu ürəkdən təbrik edir, ali təhsil pilləsində və gələcək həyat yolunda ona sonsuz uğurlar arzulayırıq.