Abşeron-Xızı Regional Təhsil idarəsinin tabeliyində olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunan “Qayıdan torpaqlar Zəfərimizdir” adlı tədbir keçirilib.
"Den.az" xəbər verir ki, təhsil işçilərinin və şəhid ailə üzvlərinin iştirakı ilə təşkil edilən tədbirdə,əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Bildirilib ki, rəşadətli Azərbaycan Ordusu gündən-günə inkişaf edir, qüdrətlənir, mükəmməlləşir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, daha sonra onun layiqli davamçısı Ali Baş Komandan prezident İlham Əliyevin uzun illər apardıqları məqsədyönlü siyasətin və uğurlu ordu quruculuğu prosesinin nəticəsidir ki, bu gün ordumuz dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutub.Ötən il sentyabrın 27-si Ermənistan silahlı birləşmələrinin növbəti təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatı nəticəsində qazanılan Zəfər bunun əyani sübutudur. 44 gün davam edən Vətən müharibəsi zamanı əzəli torpaqlarımız, nəhayət ki, mənfur düşmən işğalından azad edildi. Haqq savaşımızda Qələbə qazanan igid döyüşçülərimiz dövlətçilik tariximizin yeni Zəfər dolu şanlı səhifəsini yazdılar. Həmişə olduğu kimi, bu gün də ordumuz xalqımızın qürur mənbəyidir. Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxış edərək bildirdi ki, uzun illər ərzində doğma yurd həsrətimizə son qoyulduğu tarix - 8 Noyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zəfər Günü kimi qeyd edilir. Bu sevinc dolu gün ilə əlaqədar ölkəmizdə bir sıra silsilə tədbirlər keçirilir. Odur ki, Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə şagirdlərin milli ruhda, vətənpərvər böyüməsinə xüsusi önəm verilməli, tez-tez bu mövzuda tədbirlər keçirilməlidir. Tədbirdə 44 Günlük Vətən müharibəsi iştirakçısı, Şuşa şəhərinin giriş qapısına Azərbaycan bayrağını sancan, Prezident İlham Əliyevin sərəncamı ilə medal və ordenlərə layiq görülən Rəşad Aslanov öz xatirələrini və təcrübələrini iştirakçılarla bölüşüb. Bildirib ki, Erməni qəsbkarlarının torpaqlarımızı işğal etmələrinin qarşısının alınması uğrunda gedən hərbi əməliyyatlarda soydaşlarımız igidliklə iştirak edib və döyüşlər zamanı qəhrəmancasına şəhadətə qovuşub.
Biz həm bu gün sülh şəraitində Vətənimizdə yaşamağımıza, həm də işğalda olan torpaqlarımızın azad olunmasına görə cənab Prezidentimizə, ordumuza borcluyuq. Bizim indiki şagirdlərimiz də sabahın əsgərləri, zabitləridir. Tədbirdə şagirdlərin və mədəniyyət işçilərinin iştirakı ilə “Qayıdan torpaqlar Zəfərimizdir” adlı konsert proqramı təqdim edilib. Bildirilib ki, uzun illər torpaqlarımızın həsrətində idik və minlərlə igidlərimizin sayəsində biz artıq bayramlarımızı Şuşada və doğma diyarımız Qarabağın bütün bölgələrində qürurla qeyd edə bilərik.
Sonda xatirə şəkilləri çəkdirilib.