Bakı Mühəndislik Universiteti (BMU) və Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Doğru seçim, parlaq gələcək” adlı abituriyentlərlə görüş keçirilib.
Den.az xəbər verir ki, tədbirin məqsədi məktəb məzunlarına düzgün ixtisas və peşə seçimi ilə bağlı maarifləndirici məlumatların verilməsi, onların gələcək təhsil və karyera yoluna istiqamət göstərmək olub.
Tədbirdə BMU-nun rəhbərliyi ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid anası Xatirə İsmayılova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, orta məktəb direktorları, müəllimlər və abituriyentlər iştirak ediblər.
Tədbirin açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Yaqub Piriyev abituriyentləri salamlayaraq onların ali təhsil yolunda atacaqları addımlarda uğurlar arzulayıb. Rektor vurğulayıb ki, orta məktəb məzunlarının Bakı Mühəndislik Universitetini seçməsi universitet kollektivi üçün böyük bir qürur və məsuliyyətdir. O, BMU-nun son illərdə qazandığı uğurlar, akademik göstəricilər və tələbələrə təqdim olunan imkanlar haqqında ətraflı məlumat verib.
Daha sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova , düzgün ixtisas seçiminin insan həyatında nə qədər mühüm rol oynadığını diqqətə çatdırıb. O, valideynlərin və müəllimlərin abituriyentlərin seçimində dəstək rolunun vacibliyindən danışıb, gəncləri məqsədyönlü və məsuliyyətli olmağa səsləyib.
Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev edərək təhsilin inkişafı, gənclərin gələcəyinin qurulmasında düzgün istiqamətlənmənin əhəmiyyəti və dövlətin bu sahədə gördüyü işlər barədə fikirlərini bölüşüb.
Tədbirdə BMU-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra təhsil işçiləri də mövzu ətrafında abituriyentlərlə fikir mübadiləsi aparıblar.
Görüş abituriyentlərin aktiv iştirakı, maraqlı suallar və müzakirələrlə davam edib. Sonda abituriyentlər üçün universitetlə tanışlıq təşkil olunub, onlara tədris imkanları və fakültələr haqqında geniş məlumat verilib.