Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbinə yeni direktor təyinatı reallaşıb və bu məsuliyyətli vəzifəyə Mehdiyeva Zaminə Bəhmən qızı təyin olunub.
Bu barədə Denmedia.az-a Abşeron-Xızı RTİ- dən məlumat verilib.
Belə ki, 12 fevral 2026-cı il tarixində Direktorların İşə Qəbulu imtahanında uğur qazanaraq fəaliyyətə başlayan Zaminə Mehdiyeva ixtisasca biologiya müəllimidir və pedaqoji yoluna 2015-ci ildə MİQ imtahanı ilə başlayıb, 2022-ci il MİQ imtahanında 85 bal, 2025-ci il sertifikasiya imtahanında isə 56 bal toplayaraq yüksək peşəkarlıq nümayiş etdirib.
Yeni direktorun ailə mənsubiyyəti Azərbaycanın müasir tarixinə həkk olunmuş qəhrəmanlıq səlnaməsidir; belə ki, onun babası Qubadlı rayonu Novlu kənd sovetinin sədri Mehdiyev Mehdi Qasım oğlu 1989-cu ildə ermənilər tərəfindən əsir götürülərək 4 aydan sonra vəhşicəsinə qətlə yetirilmiş və Qubadlının ilk şəhidlərindən biri olmuşdur.
Atası, tarix müəllimi Mehdiyev Bəhmən Mehdi oğlu atasının ölümündən sonra polis sıralarına qoşulmuş, könüllü olaraq torpaqlarımızın müdafiəsində iştirak edərək döş nişanı və medallarla təltif olunmuş, 26 oktyabr 1992-ci ildə Basarat kəndinin Topağac yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuş və ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüşdür.
Zaminə Mehdiyevanın qardaşı hüquqşünas Mehdiyev Zamin Bəhmən oğlu da bu ənənəni davam etdirərək Vətən müharibəsində yaralanmış, ”Cəbrayılın azad olunmasına görə“, ”Vətən müharibəsi iştirakçısı“ və “Vətən uğrunda“ medalları ilə təltif edilmişdir.
Bu təyinat həm şəhid ailəsinə göstərilən dövlət qayğısının, həm də savadlı bir pedaqoqun layiqli xidmətinin təzahürüdür.
Foto: Zəminə Mehdiyeva

