Azərbaycanın “İbrahim sazişləri”nə qoşulub-qoşulmayacağı mətbuat və ictimai müzakirələrdə geniş yer alır. Bu kontekstdə İsrailin Azərbaycana yeni təyin olunmuş səfirinin APA-ya verdiyi müsahibə xüsusilə diqqət çəkir.
Denmedia.az xəbər verir ki, bu barədə Globalinfoya-a danışan analitik Aqşin Kərimov deyib ki, ABŞ -ın vasitəçiliyi ilə 2020-ci ildən başlanan və Donald Trampın ikinci prezidentliyi dövründə yenidən gündəmə gələn “İbrahim sazişləri”nin potensial tərəfdaşları kimi iki namizəd ortaya çıxdı – Azərbaycan və Qazaxıstan:
“Bu o deməkdir ki, “İbrahim sazişləri” əvvəllər İsrail -Ərəb ölkələri münasibətlərinin normallaşması ilə əlaqədar idisə, indi daha yüksək profilli foruma çevrilir. Azərbaycanla Qazaxıstanın razılaşmaların tərəfdaşları kimi nəzərdən keçirilməsi başqa bir məqsədi də açıqlayır: ABŞ özünün Türk Dövlətləri Təşkilatındakı və ərəb dünyasındakı rolunu gücləndirən harmoniya axtarır.
Azərbaycan üçün İbrahim “tarifinə” qoşulmaq regional təhdidlərə qarşı təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsinə yol aça bilər. Bu, ehtimal ki, Azərbaycanın strateji müttəfiqi Türkiyənin da maraqlarına cavab verəcək. Hərçənd ki, Türkiyə ilə İsrail arasındakı qarşıdurma xətlərinin inkişafı nəzərə çarpır. Ancaq yekunda Azərbaycan yeni istiqamətə daxil olmaq barədə qərar versə, bu, Türkiyə ilə İsrailin əlaqələrinin yumşaldılması baxımından dönüş nöqtəsi yaradacaq. Ancaq bunun üçün Türkiyə ilə İsrail Suriyada bir-birlərinin maraqlarını nəzərə alan möhkəm təməllərə əsaslanan razılıq əldə etməlidir. Bu, nəticədə, TDT-də təmsil olunan Azərbaycan, Qazaxıstan və Türkiyənin Mərkəzi Asiyada strateji üçbucaq qurmaq məqsədlərində irəliləyişlər əldə etməsinə və prosesə İsrailin qoşulmasına münbit şərait yarada bilər”.
Aqşin Kərimov
Politoloq qeyd edib ki, bunlar Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək səylərində ABŞ diplomatiyasının planlarını da meydana çıxarır:
“Yəni ABŞ Azərbaycanı sazişə qoşulmasını təşviq etməklə strateji layihə olan Zəngəzur dəhlizinə böyük diqqət yetirir. Bu, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton sammitində əhəmiyyətli yer tutmaqla Ağ Evin “İbrahim sazişləri”ni canlandırması fonunda strateji vizyon yaradır.
Başqa yandan, “İbrahim razılaşmaları”nın Azərbaycana nisbətdə gündəmdə qaynaması o deməkdir ki, ABŞ və İsrailin regionda mövcudluğu Türkiyə ilə uyğunlaşdırılır. Bu, regionda İranın və Rusiyanın geosiyasi məqsədlər naminə istfadə etdiyi təhdid elementlərinin zəiflədilməsi üçün yer açacaq.
Ancaq bütün bunlara hələ mütləq proqnoz kimi baxmaq da tələsik nəticə çıxarmaq demək olardı. Ona görə ki proseslərin axarı və yaranacaq yeni geosiyasi xarakterlər həssasdır. Üstəlik, Çinin ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiyada artan varlığına verəcəyi reaksiyalar geosiyasi mürəkkəblik şkalasını yüksəldə bilər”.