Günün ən isti saatlarında dondurma yemək damar spazmına və diş problemlərinə səbəb ola bilər.
Bu barədə “Moskva 24”ə terapevt və dietoloq Yelena İqnatikova xəbərdarlıq edib.
Həkim isti günlərdə saat 12:00-dan 16:00-dək bu desertdən imtina etməyi məsləhət görüb. Onun sözlərinə görə, yüksək temperatur zamanı orqanizm soyumaq üçün dəridəki damarları genişləndirir, soyuq qidanın qəfil qəbulu isə onların spazmına səbəb ola bilər.

İqnatikova bildirib:
Əgər dondurma isti havada və sürətlə yeyilərsə, termik şok adlanan hal yaranır. Diş minası və dentin fərqli sürətlə yığılır və genişlənir. Bu isə dişlərdə mikroçatların yaranmasına səbəb ola bilər. Reflektor damar spazmı isə yerli immunitetin zəifləməsinə, qastrit və ya pankreatitin kəskinləşməsinə gətirib çıxara bilər.
Həkim dondurmanı kölgədə, yavaş-yavaş və kiçik hissələrlə yeməyi tövsiyə edib. Onun sözlərinə görə, dondurmanın bir qədər əriməsinə imkan vermək daha təhlükəsizdir.

Desert yedikdən sonra ağız boşluğunun selikli qişasından şəkər qalıqlarını təmizləmək üçün su içmək məsləhət görülür.
Bununla yanaşı, dondurmanı isti içkilərlə içmək qətiyyən tövsiyə olunmur. Bu, diş minasında mikroçatlara, qida borusunun spazmına və mədə yanmasına səbəb ola bilər.

