ABŞ Prezidenti Donald Trampın sosial media hesabında özünü məşhur manga və anime seriyası “Naruto”nun baş qəhrəmanı Uzumaki Naruto kimi təsvir edən süni intellekt dəstəkli video paylaşması Yaponiyada genişmiqyaslı narazılığa səbəb olub.
Bu barədə The Guardian məlumat yayıb.
Agentliyin məlumatına görə, mədəni irslərinə və müəllif hüquqlarına icazəsiz müdaxilə edildiyini bildirən anime pərəstişkarları sosial mediada sərt tənqidlər səsləndiriblər.
Trampın paylaşımından sonra anime və manga icmaları Change.org platformasında “Yapon mangalarını qoruyun” adlı etiraz kampaniyasını yenidən gündəmə gətiriblər. Kampaniyada toplanan imzaların sayı 20 minə yaxınlaşıb.
Yaponiyada reaksiyanın bu qədər böyük olmasının səbəblərindən biri ABŞ administrasiyasının daha əvvəl də oxşar addımlarla gündəmə gəlməsi ilə izah olunur. Bildirilir ki, Ağ Evin rəsmi sosial media hesablarında İranla bağlı hərbi əməliyyatlar və hava zərbələrini əks etdirən təbliğat videosunda “Yu-Gi-Oh” animesinin görüntülərindən icazəsiz istifadə olunub.
Bu paylaşımlardan sonra məsələ Yaponiyada hüquqi və diplomatik müstəviyə daşınıb. Toplanan imzalar və şikayət dosyesi Yaponiya Xarici İşlər Nazirliyi və Mədəniyyət İşləri Agentliyi ilə paylaşılıb. Bildirilir ki, Yaponiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı ABŞ-ın Tokiodakı səfirliyi ilə də əlaqə saxlayıb.

