Son vaxtlar Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh prosesinə dair səsləndirdiyi bəyanatlar diqqət çəkir. O, sülh gündəliyinə sadiq olduğu, Bakı və Ankara ilə münasibətləri qaydasına salmağı hədəflədiyini bildirir.
Ermənistan liderinin və onun komandasını bu məsələyə sadiqlik nümayiş etdirməsi maraq doğurur. Bəzi ekspertlər isə bunun Nikol Paşinyanın növbəti hiyləgər planı olduğunu, konstruktiv görünərək güzəştlər əldə etməyə çalışdığını söyləyirlər.
İrəvan hökumətinin sadiqlik bəyanatları nə dərəcədə inandırıcıdır? Bu, Paşinyanın növbəti planı ola bilərmi?
Den.az xəbər verir ki, Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycan və Ermənistan arasındakı sülh gündəmində əhəmiyyətli irəliləyişlər var:
“İrəvanın daxili siyasi dinamikasında Bakının tələb və şərtləri əsasında yeni bir konyukturanın formalaşması prosesi gedir. Bu, o deməkdir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə sadiqlik nümayiş etdirən obraz yaratmağa çalışır. Hərçənd, bu obrazın nə qədər davamlı olacağı və sülh prosesində hansı dərəcədə əhəmiyyətli rol oynayacağı barədə perspektivdə bəzi açıq suallar qalmaqdadır.
Bununla belə, Azərbaycan-Ermənistan gündəliyi kənar müdaxilələr olmadan formalaşmaq ərəfəsindədir. Bu da, təbii ki, Bakının irəli sürdüyü şərtlərdən ən başlıca prioritet olan regional təhlükəsizlik üçün vacib xətt kimi ortaya çıxır. Ona görə də Ermənistanın verdiyi bəyanatlar Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü şərtlərin elan kimi qiymətləndirilməlidir. Yəni Azərbaycan artıq Ermənistanın ictimai-siyasi mühitini, gələcəkdə isə təhlükəsizlik və iqtisadi sahələrini yönləndirmək üçün mühüm bir alət qazanır”.