ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulmasının Yaxın Şərqdə geosiyasi vəziyyəti dəyişdirəcəyini bildirib. Uolts Bakının Vaşinqton, Təl-Əviv və İrəvanla münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımların bölgədə yeni bir diplomatik dövrə təkan verəcəyini vurğulayıb.
Maraqlıdır ki, Azərbaycanın sözügedən sazişlərə qoşulması məsələsi bir müddət əvvəl də gündəmə gəlmişdi. Xüsusilə İsrailin bu fikri dəstəklədiyi, Vaşinqtonla Bakı arasında münasibətlərin möhkəmlənməsi istiqamətdə müəyyən addımlar atdığına dair məlumatlar yayıldı. Ümumilikdə isə Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulmasının regiondakı güc balansını dəyişdirə və yeni tərəfdaşlıqların yaranmasına yol aça biləcəyi qeyd edilir.
Bu proses geosiyasi tarazlığa necə təsir göstərəcək?Azərbaycanın ABŞ, İsrail və Ermənistanla münasibətləri normallaşdırması regionda hansı potensial dəyişikliklərə səbəb ola bilər?
Den.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Globalinfo.az-a açıqlamasında deyib ki, son baş verən hadisələr Azərbaycanın regional səviyyəni aşaraq artıq beynəlxalq siyasi məkanda qərarlaşan rolundan xəbər verir:
“Bu, həm də onu göstərir ki, dünya nizamı yenidən formalaşır və qurulan əməkdaşlıqlar prosesdə aktorlara öz yerlərini müəyyənləşdirməyə imkan yaradır. Cənubi Qafqaz qədər qaynayan nöqtələrdən biri də Yaxın Şərqdir. Bu regionda İsrail ilə Səudiyyə Ərəbistanı və indiki Suriya olmaqla əsas ərəb dövlətləri arasında münasibətlərin potensial normallaşmasına diqqət yetirilir. Bir əsas ştrixi vurğulayaq ki, hər nə qədər Vaşinqton və Təl-Əviv arasındakı münasibətlərdə boşluğun yaradılmağa çalışılsa da, ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra hakimiyyətinin birinci dönəmində İsrailə dəstəyini artıraraq “İbrahim Sazişlərinin” perspektivini ərəb dünyasından kənara genişləndirməyə başladı. Bu da ABŞ, İsrail və regional siyasət dairələrində marağa səbəb olmaqla yanaşı, indiki məqamda daha da labüd olan xarici siyasət diversifikasiyası baxımından digər region aktorlarını da cəlb etdi”.
Politoloq qeyd edib ki, Azərbaycanın “İbrahim Sazişlər”inə daxil olması fikrini müdafiə edən qüvvələr 2025-ci ilin mart ayından aktivləşiblər:
“Bakı və İrəvan məhz bu ərəfələrdə sülh sazişi layihəsinin yekunlaşdığını elan etdi. Həmin aktivləşən qruplar – ABŞ-ın yəhudi lobbisi daxilindəki azərbaycanyönlü dairələr, Respublikaçılara bağlı beyin mərkəzləri və israilli analitiklərdir ki, son zamanlar onların ucalan səslərini eşidirik. Sözügedən dairələr Sazişlərə Qazaxıstan və onun kimi müsəlmanların əksəriyyət təşkil etdiyi digər dövlətləri də əhatə edəcək şəkildə çərçivənin genişləndirilməsi ideyasını irəli sürürlər. Bir fakt da burada əsas götürülür ki, Azərbaycan İsraillə enerji, təhlükəsizlik və kəşfiyyat sahələrində sıx əməkdaşlıq edir.
Ermənistanla Azərbaycan arasında məsələlər bəllidir. Ən mübahisəli mövzulardan biri Zəngəzur dəhlizidir ki, burada fikir ayrılıqları olan aktorlar sadəcə tərəflər deyil. Dəhlizin təhlükəsizliyi məsələsində Rusiyanın istənilən roluna qarşı çıxan əsas tərəf isə İrəvandır. Regional dinamikanın dəyişməsinin yeganə olmasa da, bariz göstəricilərindən biri Ermənistanın bu istəksizlidir. Lakin dəyişiklik həm də baş nazir Nikol Paşinyanın Türkiyəyə tarixi səfərindən sonra daha da aydın göründü”.
Ş. Həsənovanın sözlərinə görə, Tramp administrasiyası məhz indi Ermənistan–Azərbaycan münaqişəsinin həllinə daha çox maraq göstərir:
“Bu baxımdan nəqliyyat dəhlizlərinin inkişafına Amerika və ona yaxın dairələrin biznesmenlərini cəlb etməyi təklif edir. Qeyd edilən amillər olmaqla, məhz bu çərçivədə sülh üçün artan perspektivlər “İbrahim Sazişləri”nin Cənubi Qafqaza potensial genişlənməsi istiqamətində dəyərləndirilir. Tramp administrasiyası əvvəlki dönəmdə bu məsələ ilə bağlı müəyyən uğurlara imza atıb. Ağ Ev rəhbəri biznes dairəsinin ən uğurlu təmsilçilərindən biridir. Keçmişi ona nəyi necə aldığını, hara, kimə və hansı qiymətə satdığını yaxşı öyrədib. Bu həm də hər nə qədər kəsişən maraqlar olsa da, Trampın danışıqlar yolu ilə regional dinamikanı idarə etmək qabiliyyətini nümayiş etdirir.
İsrailin Azərbaycanla münasibətləri müsbət baxımından, Ermənistanla münasibətləri isə mənfi rakursdan bəllidir. İrəvan Bakı və Ankara qədər mövcud reallığı da dərk edir. Yəni, “İbrahim Sazişləri”nin mahiyyəti artıq formal olaraq yalnız baza demək deyil, ya da təkcə normallaşma ilə bağlı deyil, bu, regional inteqrasiya, iqtisadi əməkdaşlıq və geosiyasi uyğunlaşma mənasına gəlir. Prezident İlham Əliyevin mükəmməl diplomatiyası bir daha öz sözünü deyir. Çünki bu diplomatiya bütövlükdə Cənubi Qafqazı Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında strateji körpü kimi müəyyənləşdirir”.
Fəlsəfə doktoru əlavə edib ki, “İbrahim Sazişləri”nə Ermənistan və Azərbaycanın daxil olması onun coğrafi və siyasi əhatəsini nə qədər genişləndirirsə, qeyd edilən hər iki aktoru da malik olduqları səviyyədən bir neçə pillə yuxarı qaldırır:
“Hər halda dayanılan nöqtə bəllidir. Adından asılı olmayaraq Saziş də, çərçivə də, müqavilə də lazımdır. Əsas olan bütün bu məfhumların ətalətdən uzaq, çevik olmasıdır. Çevik addımların riskləri isə az olmur, əsas odur ki, strateji qazanc daha çox olacaq. “İbrahim Sazişləri”nə daxil olmaq Azərbaycanın İsraillə tərəfdaşlığını möhkəmləndirəcək. Bu, həm də biznes dairələrinin əlaqələrini də nəzərə almaqla ABŞ-la münasibətləri yaxınlaşdıracaq. Rusiya və İranın mövcud yanaşmasını nəzərə alsaq, bu, həm də Azərbaycan üçün regional rəqabətdə əlavə təsir rıçaqları deməkdir. Enerji amili, tranzit marşrutları xarici siyasətdə əsas fokusumuzdur. O baxımdan Sazişə qoşulmaq risksiz olmasa da, əsasən beynəlxalq nüfuzumuz, Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında etibarlı tranzit qovşağı mövqeyimiz daha da artacaq.
ABŞ-a gəldikdə isə ,Trampın məqsədi münaqişənin həll edilməsində rol oynamaqla xarici siyasətdə uğur əldə etməkdir. ABŞ Avrasiya üçün önəmli olan enerji və tranzit dəhlizlərində söz sahibinə çevrilmək, Orta Dəhlizdə Çini balanslaşdırmaq istəyir.
Hər bir halda Cənubi Qafqaz böyük güclərin dəstəklədiyi diplomatiya, qarşılıqlı əlaqə və strateji uyğunlaşma üçün əsas meydana çevrilir. Dövlət başçımız regionumuzu Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanı yeni geosiyasi arxitekturada birləşdirən bir regiona çevirib”.