Ukrayna tərəfi Lefkada sahillərində partlayıcı ilə təchiz olunmuş dəniz dronunun aşkarlanmasına görə Yunanıstandan üzr istəyib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi X sosial şəbəkəsində məlumat verib.
“Yunanıstanın Lefkada adası yaxınlığında aşkarlanan dəniz dronu ilə bağlı insidentdən sonra Ukrayna tərəfi üzr istəyir”, deyə o yazıb.
Bununla yanaşı, Tixi hadisədə Rusiyanı ittiham edib. O bildirib ki, Kiyev gələcəkdə bu cür insidentlərin qarşısının alınmasında maraqlıdır.
Qeyd edək ki, bundan əvvəl Yunanıstan öz ərazi sularında partlayıcı ilə təchiz olunmuş Ukrayna dəniz pilotsuz aparatının aşkarlanmasından sonra Kiyevə rəsmi diplomatik etiraz göndərmişdi.

