İran Silahlı Qüvvələri İordaniyada yerləşən ABŞ bazasına endirilən zərbə nəticəsində THAAD raketdən müdafiə kompleksinin radarının və “Patriot” hava hücumundan müdafiə sisteminin məhv edildiyini bildirib.
Bu barədə İran ordusunun “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib. Lakin İran tərəfinin son iddiası ABŞ və ya İordaniya rəsmiləri tərəfindən hələlik təsdiqlənməyib.
İordaniya Silahlı Qüvvələri iyulun 20-də ölkə ərazisini hədəfə alan üç İran raketinin zərərsizləşdirildiyini, daha bir raketin isə yaşayış olmayan əraziyə düşdüyünü açıqlamışdı. Hadisə nəticəsində insan itkisi və dağıntının olmadığı bildirilmişdi.
Həmin gün İran İslam İnqilabı Keşikçiləri Korpusu İordaniyanın Aqaba hava limanında yerləşən ABŞ-yə məxsus C-17 hərbi nəqliyyat və P-8 komanda-idarəetmə təyyarələrinə ballistik raketlərlə zərbə endirdiyini iddia etmişdi. Bu məlumat da müstəqil şəkildə təsdiqlənməyib.
ABŞ rəsmiləri daha əvvəl İranın mart ayında İordaniyadakı Müvəffəq Salti aviabazasına hücumu zamanı THAAD sisteminə aid AN/TPY-2 radarının ciddi zədələndiyini təsdiqləmişdilər.

