ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından gündə orta hesabla 30 tankerin keçdiyini bildirib.
Tramp Ağ Evdə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən İranın “çökmüş ölkə” olduğunu iddia edib.
“Bununla belə, bu, onlara həddini bildirməyəcəyimiz anlamına gəlmir. Nə olacağını görəcəyik”, – Tramp deyib.
ABŞ Prezidenti bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin də köməyi ilə Hörmüz boğazından gündə təxminən 30 tanker keçir.
“Hörmüz boğazı son dərəcə yaxşı vəziyyətdədir. Gecə ərzində orta hesabla 30 gəmi keçir. Çoxlu neft gəlir. Buna görə də neft qiymətlərinin proqnozlaşdırıldığı qədər yüksəlmədiyini görürsünüz”, – Tramp qeyd edib.
O, ABŞ-nin əvvəlcə Venesuelada, daha sonra isə İranda “çox yaxşı iş gördüyünü” deyib.
Tramp həmçinin bildirib ki, İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək.
“Əgər İranın nüvə silahı olsaydı, hazırda İsrail adlı bir ölkə mövcud olmazdı”, – ABŞ Prezidenti deyib.

