ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmuz boğazından keçid üçün hər hansı ödəniş tətbiq ediləcəyi təqdirdə bunu yalnız ABŞ edə bilər.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib:
“Onların ödəniş almasına icazə verməyəcəyəm. Əgər bunu kimsə edəcəksə, o da biz olacağıq.”
ABŞ lideri vurğulayıb ki, İranla aparılan danışıqlarda keçid haqqı məsələsi müzakirə edilmir.
Tramp həmçinin ABŞ-nin hazırda Hörmuz boğazına tam nəzarət etdiyini bir daha iddia edib. İran tərəfi isə bundan əvvəl dəfələrlə bu fikri təkzib edib.
ABŞ Prezidenti daha əvvəl Vaşinqton və Tehranın boğazın avqustun 4-də tam açılması imkanını müzakirə etdiyini açıqlamışdı.
Onun sözlərinə görə, bu addım danışıqların birinci mərhələsi olacaq, daha sonra isə İranın nüvə proqramı ilə bağlı müzakirələr başlayacaq.

