ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran Hörmuz boğazında gəmiçiliklə bağlı əsas məsələlər üzrə prinsipial razılığa gəliblər.
Tramp jurnalistlərlə söhbəti zamanı danışıqların gözləniləndən daha sürətli irəlilədiyini deyib. Onun sözlərinə görə, strateji əhəmiyyət daşıyan su yolu üzrə əldə edilən razılaşma regiondakı gərginliyi azaltmalı və neft tankerlərinin fasiləsiz keçidini təmin etməlidir.
ABŞ lideri belə deyib:
“Hörmuz boğazı ilə bağlı razılaşma var. Bundan sonra nüvə proqramı, yaxud mənim dediyim kimi, İranın denuklearizasiyası üzrə saziş olacaq.”
Tramp həmçinin İranın nüvə proqramı ilə bağlı yeni razılaşmanın tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Məlumata görə, ABŞ administrasiyası hazırda sazişin mətninin hazırlanması üzərində işləyir. Yeni sənədin əvvəlki razılaşmanı əvəz edəcəyi gözlənilir.

