Səudiyyə Ərəbistanının Məkkə bölgəsində məsciddə “əxlaqa zidd hərəkət” etməkdə təqsirli bilinən iki Banqladeş vətəndaşı edam edilib.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin məlumatına görə, Nəzrul İslam Əbdül Bəsir və Siti Axtar barəsində çıxarılan ölüm hökmləri oktyabrın 14-də icra olunub.
Bildirilib ki, hər iki şəxs məsciddə əxlaq normalarına zidd hərəkətlərdə ittiham olunub. Onların barəsində aparılan istintaq və məhkəmə prosesindən sonra ölüm hökmü çıxarılıb.
Səudiyyə Ərəbistanı rəsmiləri hadisənin Məkkədəki hansı məsciddə baş verdiyini və ittiham olunan şəxslərin konkret hansı hərəkətləri etdiklərini açıqlamayıblar.
Məhkəmə hökmü İslam hüququnda hakimin müəyyən səlahiyyətlər çərçivəsində cəza təyin etməsinə imkan verən “təzir” prinsipi əsasında qəbul edilib.
Hadisə Banqladeş hökumətinin etirazına səbəb olub.

Banqladeş rəsmiləri vətəndaşlarının edam olunacağı barədə əvvəlcədən məlumatlandırılmadıqlarını bildiriblər.
Bununla əlaqədar Banqladeş Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına diplomatik nota təqdim edərək edamların səbəbləri və hüquqi prosedurlar barədə ətraflı izahat tələb edib.
Oktyabrın 18-də Banqladeş Xarici İşlər Nazirliyinin nümayəndəsi Səudiyyə Ərəbistanının ölkədəki səfiri ilə görüşərək məsələni müzakirə edib.
Banqladeş tərəfi edam olunan şəxslərin kimliyi, onlara qarşı irəli sürülən ittihamlar və məhkəmə prosesinin təfərrüatları barədə rəsmi məlumat gözləyir.

