Çinin avtomobil nəhənglərindən BAIC Group-un keçmiş rəhbəri Xu Heyi rüşvət və çirkli pulların yuyulması cinayətlərinə görə iki il təxirə salınmaqla ölüm cəzasına məhkum edilib.
Pekin Xalq Məhkəməsinin məlumatına görə, 68 yaşlı keçmiş rəhbər həmçinin ömürlük siyasi hüquqlardan məhrum edilib və bütün şəxsi əmlakının müsadirəsinə qərar verilib.
Məhkəmə Xu Heyi-ni rüşvət və çirkli pulların yuyulmasında təqsirli bilib. Rüşvət cinayətinə görə ona iki il təxirə salınmaqla ölüm hökmü verilib.
Xu Heyi çirkli pulların yuyulmasına görə əlavə olaraq iki il həbs və 200 min yuan məbləğində cərimə cəzasına məhkum edilib. Rüşvət yolu ilə əldə olunan vəsaitlər və həmin vəsaitlərdən əldə edilən gəlirlər də müsadirə olunacaq.
Çində tətbiq olunan sistemə əsasən, iki il təxirə salınmış ölüm hökmü məhkum həmin müddətdə yeni qəsdən cinayət törətmədiyi halda, adətən ömürlük həbs cəzasına dəyişdirilə bilər. Buna görə qərar Xu Heyi-nin dərhal edam ediləcəyi anlamına gəlmir.
Xu Heyi BAIC Group-a təxminən 15 il rəhbərlik edib və 2020-ci ildə vəzifəsindən ayrılıb.
Onun barəsində istintaqa 2023-cü ildə başlanılıb. İş çərçivəsində iri müqavilə və layihələr vasitəsilə qanunsuz gəlir əldə edilməsi ilə bağlı ittihamlar araşdırılıb.

