Sumqayıtda Tikintiyə yox deyən qadın ürəyi gedib. Hətta üstünə təcili tibbi yardım da çağırılıb.
Den.az xəbər verir ki, şəhərinin 14-cü məhəllə ərazisində ev 1a/3b-nin sakinləri ilə Sumqayıt MMC Tikinti şirkəti əməkdaşları arasında insident olub.
Narazılığa səbəb olan əsas məsələ, hazırda yaşadıqları binanın qarşısında yeni yaşayış binasının tikilməsi planıdır. Sakinlər iddia edirlər ki, tikinti işləri üçün nəzərdə tutulan sahədə illərlə böyümüş ağaclar artıq kəsilib və ərazi qanunsuz şəkildə hasarlanır. Onların sözlərinə görə, bu tikinti reallaşarsa, mövcud binaya hava və günəş işığının daxil olması məhdudlaşacaq, həmçinin avtomobil dayanacağı və uşaqlar üçün oynaq sahəsi kimi istifadə etdikləri genişlik itəcək.
Sumqayıt MMC Tikinti şirkətinin direktor müavini İsgəndər Abdullayev bildirib ki, hazırda ərazidə yalnız ilkin hazırlıq işləri aparılır və heç bir tikinti başlamayıb. Ərazidə bütün işləri qanunvericiliyə uyğun şəkildə həyata keçiririk. Hələ ki, tikintidən söhbət getmir. Mövcud sənədlərimiz var və heç bir qanunsuzluğa yol verilmir.
Qeyd edək ki, hazırda məsələ ictimai rezonans doğurub və sosial şəbəkələrdə də geniş müzakirə olunur. Sakinlər, həmçinin, ətraf mühitin qorunması və şəhərsalma planlarına şəffaf yanaşmanın təmin olunması üçün daha ciddi nəzarət tələb edirlər. Aidiyyəti orqanlara müraciət etdiklərini və qanunsuz hesab etdikləri tikintinin qarşısını almağa çalışacaqlarını bildirirlər. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə DenazTv-yə bildirilib ki, şikayət olunan əraziyə artıq baxış keçirilib və tikinti işlərinin aparılmadığı müəyyən olunub. Digər məsələlər isə tam şəffaf araşdırılacaq.