Baliyə istirahətə gedən ailənin səfəri faciə ilə nəticələnib. Avstraliyalı tibb işçisi Dryu Benbou adi turist vərdişi səbəbindən eyni anda üç təhlükəli infeksiyaya yoluxub.
Bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, Eş Benbou üçün Bali səfəri xüsusi məna daşıyırdı. Bu, onun adaya 31-ci səfəri idi. Ailə bu istirahəti həm də Parkinson xəstəliyi və Levi cisimcikli demensiyadan əziyyət çəkən anası ilə son xarici səfərlərdən biri kimi planlaşdırmışdı.
Lakin istirahət zamanı Eşin həyat yoldaşı Dryu Benbounun səhhəti qəfil pisləşib. Əvvəlcə o, gözlərində ağrıdan şikayət edib. Ailə bunun günəş kremi ilə bağlı ola biləcəyini düşünüb. Lakin gözləri yuduqdan sonra da ağrı keçməyib.
Sonrakı günlərdə kişinin vəziyyəti daha da ağırlaşıb. Onda işığa qarşı həssaslıq, güclü baş ağrıları, halsızlıq və yüksək hərarət yaranıb. Əvvəlcə həkimlər bunun denge qızdırması ola biləcəyini düşünüblər. Lakin vəziyyəti pisləşəndən sonra Dryu xəstəxanaya yerləşdirilib.
Müayinələrdən sonra məlum olub ki, o, denge deyil, qarın yatalağına yoluxub. Bu, orqanizmdə ağır fəsadlar yarada bilən təhlükəli bakterial infeksiyadır.
Daha sonra Avstraliyaya təxliyə edilən kişidə əlavə olaraq meningit və leptospiroz da aşkarlanıb. Leptospirozun çox vaxt siçovullar vasitəsilə yayıldığı bildirilir.
Eş Benbou bildirib ki, ailə Baliyə səfər zamanı gigiyena qaydalarına ciddi əməl edib, yalnız qablaşdırılmış su içib və əllərini tez-tez dezinfeksiya edib. Lakin sonradan o, infeksiyanın içki bankalarının üzərindən keçə biləcəyini öyrənib.
Onun ehtimalına görə, siçovullar anbarlarda içki bankalarının üzərində gəzərək onların kənarını çirkləndirə bilər. Ailə isə hovuz kənarında tez-tez bankalı içkilər alırdı və bunun təhlükəli ola biləcəyini düşünmürdü.

Biz çox ehtiyatlı idik. Yalnız qablaşdırılmış su içirdik, əllərimizi dezinfeksiya edirdik. Amma sonradan öyrəndim ki, infeksiya içki bankalarının kənarından da keçə bilər,— deyə Eş Benbou bildirib.
Hazırda kişinin vəziyyətinin ağır fəsadlar yaratdığı qeyd olunur. Məlumata görə, o, yaxınlarını tanımaqda çətinlik çəkir, həyat yoldaşı isə ona gecə-gündüz qulluq edir.
Hadisə turistlər üçün sadə, lakin vacib bir xəbərdarlıq kimi qiymətləndirilir: mütəxəssislər səfər zamanı bankalı içkilərin ağzını içməzdən əvvəl mütləq silməyi və ya stəkandan istifadə etməyi tövsiyə edirlər.

