Başını aşağı əyərkən işığa həssaslıq və baş ağrısı meningitin əlamətləri ola bilər. Bunu NEWS.ru-ya Krasnoqorsk Klinik Xəstəxanasının pediatrı Ramil Şahvələdov bildirib.
Onun sözlərinə görə, xəstəlik çox vaxt qapalı məkanlarda və xəstə insanlarla təmas zamanı yayılır.
Şahvələdov deyib:
Meningitin ilk əlamətləri arasında yüksək hərarət, güclü baş ağrısı, ənsə əzələlərinin sərtləşməsi, yəni başı sinəyə doğru əyməyin mümkün olmaması, ürəkbulanma və qusma, işığa həssaslıq, bəzi hallarda isə səpki ola bilər. Uşaqlar bu xəstəliyə xüsusilə uşaq bağçaları, məktəblər və düşərgələr kimi qapalı kollektivlərdə infeksiyaya yoluxmuş insanlarla təmas zamanı yoluxa bilərlər.

