ABŞ-da qadın özünü xərçəng xəstəsi kimi təqdim edərək dostlarını aldadıb və həbs cəzası alıb.
Bu barədə Unilad məlumat yayıb.
Bildirilir ki, Heyli Morqan Nayt tanışlarını lüks otel şəbəkələri ilə əlaqələri olduğuna inandırıb. O, elit səyahətlər və ortaq biznes təşkil edə biləcəyini deyərək insanlardan gələcək səfərlər üçün “geri qaytarılacaq depozit” adı ilə pul toplayıb.
Lakin səyahətlər hər dəfə təxirə salınıb. Səfər tarixlərinə az qalmış Nayt müxtəlif bəhanələr uyduraraq planların baş tutmayacağını bildirib.
Dostları pullarını geri tələb etməyə başlayanda isə qadın mədəaltı vəzi xərçənginə tutulduğunu deyib. Zərərçəkənlərin sözlərinə görə, bundan sonra onlar pul tələb etməyi dayandırıb, əksinə, ona dəstək olmağa başlayıblar. Dostları qadına yemək aparıb, uşaqlarına baxıb və hətta müalicəsi üçün ianə ediblər.
Aldadıcı sxemin inandırıcı görünməsi üçün Nayt saxta müqavilələrdən istifadə edib, özünü müxtəlif şirkət nümayəndələri kimi təqdim edib və zərərçəkənlərlə fərqli telefon nömrələrindən yazışıb. Bununla o, sanki arxasında bütöv bir komanda işləyirmiş kimi görüntü yaradıb.
Ümumilikdə qadın dostlarından təxminən 20 min dollar almağa nail olub.
Hökm oxunmazdan əvvəl Nayt səhvlərini başa düşdüyünü, işləməyə davam etdiyini, ailəsinə qayğı göstərdiyini və belə hadisənin təkrarlanmaması üçün lazımi yardım aldığını bildirib. O, məhkəmədən azadlıqda qalmasına və zərəri tədricən ödəməsinə icazə verilməsini istəyib.
Məhkəmə isə onu 30 gün həbsə, daha sonra sınaq müddətinə məhkum edib və bütün zərərçəkənlərə dəymiş ziyanın tam ödənilməsinə qərar verib.

