Çində Sunyuan şəhərindən olan Cou soyadlı kişi, həyat yoldaşını yerli qəssabdan endirim aldığı üçün xəyanətdə günahlandıraraq bıçaqlayıb. DenMedia.az xəbər verir ki, hadisə barədə South China Morning Post məlumat yayıb.
Məlumata görə, Cou özünü inandırıb ki, arvadının qəssabla münasibəti var. Qısqanclıqdan əsəbiləşən kişi taxta saplı bıçağı əvvəlcədən çarpayısının tumbaçasında gizlədib və növbəti mübahisə zamanı həyat yoldaşına bir neçə bıçaq zərbəsi endirib.
Qadın ağır xəsarətlər alıb, lakin sağ qalıb. Daha sonra o, neçə dəfə bıçaqlandığını xatırlamadığını, amma ərini bağışladığını deyib.
“Biz artıq 30 ildən çoxdur evliyik. Münasibətlərimiz həmişə yaxşı olub. Bu hadisəni uzatmaq istəmirəm. O, bütün pullarını evə gətirirdi, bir oğlumuz və nəvəmiz var,” – deyə qadın bildirib, yaralanmasının rəsmi qiymətləndirilməsindən və təzminatdan imtina edib.
Məhkəmə Cou-nu hücumda təqsirli bilib, lakin onun etirafını və hadisənin məişət münaqişəsi zəminində baş verməsini nəzərə alaraq 10 il 6 ay həbs cəzası ilə kifayətlənib.