Banqkokda gecə saatlarında baş verən və 27 nəfərin ölümü ilə nəticələnən pab yanğını ilə bağlı araşdırmada yeni detallar üzə çıxıb.
Polis yanğının səbəbi ilə yanaşı, obyekt daxilində yol verilmiş mümkün təhlükəsizlik pozuntularını da araşdırır. İlkin məlumata görə, alov qısa müddətdə bütün məkanı bürüyüb və içəridə olanların bir qismi çıxış yollarını tapa bilməyib.
Hadisə yerində Tailandın Baş naziri Anutin Çarnvirakula verilən məlumata əsasən, əvvəllər fövqəladə çıxış kimi istifadə olunan qapılardan biri boltlarla bağlanaraq yararsız vəziyyətə salınıb.

İddialara görə, obyekt sahibi müştərilərin hesabı ödəmədən çıxmasının qarşısını almaq üçün həmin qapını kilidləyib. Qapının üzərində “Yalnız işçilər üçün” yazısı olduğundan müştərilər onun təxliyə çıxışı olduğunu bilməyiblər.
Banqkok qubernatoru Çadçart Sittipunt bildirib ki, binadakı iki təxliyə çıxışından birinin qarşısına pivə yeşikləri, digərinin qarşısına isə masalar yığılıb. Bu maneələrin yanğın zamanı insanların binanı tərk etməsinə əngəl olduğu ehtimal edilir.
Yanğından sağ çıxanların sözlərinə görə, alov əvvəlcə səhnə hissəsində başlayıb. Ön tərəfdən çıxa bilməyən insanlar binanın arxa hissəsinə yönəliblər.
Axtarış zamanı çoxsaylı meyit tualetlərdə tapılıb. Bildirilir ki, tüstüdən qaçan şəxslər çıxış tapa bilmədikləri üçün tualetlərə sığınıb, lakin sıx tüstü səbəbindən orada köməksiz qalıblar.
Hadisə nəticəsində 27 nəfər ölüb, 63 nəfər yaralanıb. Yaralılardan 22-nin vəziyyətinin ağır olduğu açıqlanıb.

