Tailandın paytaxtı Banqkokda gecə saatlarında əyləncə məkanında baş verən yanğın panikaya səbəb olub.
Yerli mənbələrin məlumatına görə, hadisə paytaxtın Çatuçak rayonunda yerləşən barlardan birində qeydə alınıb. Hələlik səbəbi müəyyən edilməyən yanğın nəticəsində azı 27 nəfər həyatını itirib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə məkanın girişindən güclü alov və qalın tüstünün qalxdığı, insanların təşviş içində ərazidən uzaqlaşmağa çalışdığı görünür. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin alovu təxminən yarım saatlıq müdaxilədən sonra nəzarətə götürdüyü bildirilib.
Tailandın baş naziri Anutin Çarnvirakul hadisə yerində jurnalistlərə açıqlamasında 27 nəfərin öldüyünü, yaralanan bəzi şəxslərin isə xəstəxanaya aparıldığını bildirib. O, yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmaların davam etdiyini deyib.
Baş nazirin sözlərinə görə, həmin gecə məkanda çıxış edən musiqiçi elektrik enerjisi kəsilməzdən əvvəl səhnənin yaxınlığındakı elektrik lövhəsindən tüstü qalxdığını gördüyünü bildirib. Elektrik kəsildikdən sonra partlayış səsi eşidilib və qısa müddətdə məkanı sıx tüstü bürüyüb.
Çarnvirakul qeyd edib ki, ölənlərin böyük hissəsi məkanın arxa tərəfində yerləşən tualetlərdə aşkarlanıb.

