İspaniyanın Almeriya əyalətində baş verən meşə yanğını nəticəsində azı 12 nəfər həlak olub.
Bu barədə RTVE teleşirkəti məlumat yayıb.
Məlumata görə, həlak olanların cəsədləri Bedar bələdiyyəsində yerləşən yaşayış məntəqəsində aşkarlanıb. Onlardan bəziləri alov içində qalan avtomobillərin içərisində tapılıb.
Andalusiyanın fövqəladə hallar üzrə nazir səlahiyyətlərini icra edən Antonio Sanz yanğını indiyədək bölgədə baş verən ən dağıdıcı hadisə adlandırıb. Yanğınla bağlı təhlükə səviyyəsi ikinci dərəcəyə qaldırılıb.
Telekanalın məlumatına görə, alovun söndürülməsinə təxminən 150 nəfər cəlb olunub. Təhlükə səbəbindən minə yaxın sakin təxliyə edilib.
Qeyd olunur ki, 112 təcili yardım xidməti şahidlərdən 150-dən çox zəng qəbul edib. Şahidlər yanğının səbəbinin elektrik xəttinin qırılıb yerə düşməsi ola biləcəyini bildiriblər.

