Münhendə texnologiya və müdafiə sənayesi sahəsində fəaliyyət göstərən Rohde & Schwarz şirkətinin baş ofisinin qarşısındakı əraziyə yandırıcı maddələr atılıb.
Almaniyanın Bild nəşrinin məlumatına görə, hadisə ötən gecə baş verib və iki şübhəli saxlanılıb. Təxminən gecə yarısı şahidlərdən biri polisə avtomobildən şirkətin ərazisinə yandırıcı qarışıqlar atıldığını bildirib. Hadisə yerinə gələn polis əməkdaşları alovu qısa müddətdə söndürüblər.
BR radiosunun məlumatına görə, saxlanılan şəxslər 28 yaşlı qadın və 38 yaşlı kişidir. Hər iki şəxsin Bolqarıstan vətəndaşı olduğu bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb, maddi ziyanın isə cüzi olduğu qeyd edilir.
Bavariya Kriminal Polis İdarəsi hadisənin siyasi motivli hücum cəhdi ola biləcəyini ehtimal edir və araşdırmanı bu istiqamətdə aparır. “Rohde & Schwarz” təhlükəsizlik texnologiyaları və dövlət qurumları, o cümlədən hərbi strukturlar üçün rabitə sistemləri istehsal edir.

