Almaniyanın Aşağı Saksoniya federal torpağında yerləşən Ştade şəhərində baş verən silahlı insident nəticəsində 6 nəfər həlak olub.
Hadisə bazar ertəsi, 29 iyun 2026-cı il tarixində, təxminən günorta saatlarında Dankersştrasse küçəsində yerləşən sosial yardım müəssisəsində baş verib. Bildirilir ki, həmin binada gənclərə yardım mərkəzi ilə yanaşı, analar və uşaqlar üçün müvəqqəti sığınacaq da fəaliyyət göstərib.
AFP-yə açıqlama verən polis nümayəndəsinin sözlərinə görə, həlak olanların hamısı yetkin şəxslərdir. Onlardan 4-ü qadın, 2-si kişi olub. Beş nəfər hadisə yerində, daha bir yaralı isə sonradan xəstəxanada dünyasını dəyişib.
Polis əsas şübhəli şəxsi saxlayıb. İlkin məlumatlara görə, o, Almaniyada doğulmuş 45 yaşlı Türkiyə əsilli kişidir. Hadisədə istifadə olunduğu bildirilən silah hüquq-mühafizə orqanları tərəfindən götürülüb. Daha iki nəfərin də insidentlə mümkün əlaqəsi araşdırılır.
İstintaqın ilkin versiyasına əsasən, hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir. Əsas versiyalardan biri ailə daxilində uşaq üzərində qəyyumluq hüququ ilə bağlı mübahisədir. Hücum zamanı binada şübhəlinin üç yaşlı qızı və uşağın anasının olduğu bildirilir. Məlumata görə, ana və uşaq xəsarət almayıblar.
Hadisə nəticəsində bir neçə nəfər də yaralanıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralıların dəqiq sayı hələlik rəsmi açıqlanmayıb.
Hadisə yerində kriminalistlər və təcili yardım xidmətləri işləyir. Polis hazırda şəhər əhalisi üçün əlavə təhlükənin olmadığını bildirib. Şahidlər və həlak olanların yaxınları üçün psixoloji yardım xidməti təşkil olunub.

