Hindistanda 10 yaşlı qızın qonşularının bir yaşlı körpəsini altıncı mərtəbədən atdığı iddia olunur. Hadisə nəticəsində körpə həyatını itirib.
Bu barədə “Times of India” nəşri məlumat yayıb.
Məlumata görə, ağır xəsarətlər alan körpə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əvvəlcə baş verənləri bədbəxt hadisə kimi qiymətləndirib. Lakin araşdırma zamanı əldə olunan dəlillər körpənin qəsdən aşağı atıldığına dair şübhələr yaradıb.
Müəyyən edilib ki, qoruyucu məhəccərin hündürlüyü təxminən 105 santimetr olub. Bu isə bir yaşlı uşağın təsadüfən onun üzərindən aşması ehtimalını şübhə altına alıb.
Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, 10 yaşlı qız əvvəlcə körpəni yanına çağırıb, daha sonra onu tutaraq pilləkən boşluğundan aşağı atıb. Bundan sonra hadisə yerindən uzaqlaşıb.
Bildirilir ki, qızın yaşı az olduğundan cinayət məsuliyyətinə cəlb edilməməsi mümkündür.

