ABŞ ilə İran arasında artan gərginlik qarşılıqlı hücumlara çevrilib. ABŞ-ın iki gün ərzində İranda ümumilikdə təxminən 170 zərbə həyata keçirdiyi bildirilir.
İranın Mehr xəbər agentliyi yerli mənbələrə istinadən məlumat yayıb ki, günorta saatlarında Buşehr əyalətində çoxsaylı partlayış səsləri eşidilib.
Buşehr valisi Məhəmməd Müzəffəri şəhərin ABŞ tərəfindən hücuma məruz qaldığını təsdiqləyib. O, ABŞ-ın Buşehr sahilləri yaxınlığında yerləşən və İranın xam neft ixracının təxminən 90 faizinin emal olunduğu Xark adasını hədəfə aldığı barədə xəbərlərin doğru olmadığını bildirib.
“Bu iki məntəqədə hər hansı hadisə qeydə alınmayıb”, - deyə Müzəffəri qeyd edib.
Buşehr əyaləti liman obyektləri, mülki nüvə reaktoru və geniş hərbi infrastrukturun yerləşdiyi strateji bölgələrdən biri hesab olunur.
Digər tərəfdən, Beynəlxalq Dənizçilik Təşkilatının rəhbəri Arsenio Domingez ABŞ-ın İrana hücumlarından sonra Hörmüz boğazı ətrafında təxminən 6 min dənizçinin çıxılmaz vəziyyətdə qaldığını açıqlayıb.
ABŞ ilə İran arasında gərginliyin yenidən alovlanmasından sonra Hörmüz boğazında gəmi hərəkətinin demək olar ki, dayanma həddinə çatdığı bildirilir. Bloomberg News-in məlumatına görə, boğazdan yalnız Körfəzdən çıxan, ABŞ tərəfindən təsdiqlənmiş bir tanker və İran bayrağı altında üzən bir konteyner gəmisi keçib.
Arsenio Domingez bildirib ki, son hücumlar günahsız dənizçiləri yenidən ciddi təhlükə ilə üz-üzə qoyub.
“Bu məsuliyyətsiz hücumlar günahsız dənizçiləri bir daha ciddi təhlükə ilə qarşı-qarşıya qoydu. Heç bir dənizçi yalnız işini gördüyü üçün həyatını riskə atmaq məcburiyyətində qalmamalıdır. Rəqəmlərin arxasında bu münaqişənin insani bədəlini ödəyən dənizçilər və bəzi hallarda onların ailələri dayanır”, - deyə IMO rəhbəri vurğulayıb.

