ABŞ prezidenti Donald Tramp İranın Xark adasını ələ keçirmək və ya dəniz blokadası tətbiq etmək variantlarını nəzərdən keçirir. Bu barədə Axios portalı administrasiyadakı anonim mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yekun qərar hələ qəbul edilməyib.
“O, Hörmüz boğazının açıq qalmasını istəyir. Əgər bunun üçün Xark adasını ələ keçirmək lazım gələrsə, bu baş verəcək. Əgər sahilə çıxarma əməliyyatı aparmaq qərarı verərsə, bu da həyata keçiriləcək. Lakin hələlik yekun qərar yoxdur”, – deyə nəşrdə bildirilir.
Axios-un danışdığı mənbələrdən biri vurğulayıb ki, ABŞ təxminən bir ay ərzində hava zərbələri ilə İran qüvvələrini zəiflədərək strateji əhəmiyyətli Xark adasını ələ keçirə bilər.
Bundan sonra isə Vaşinqtonun bu vəziyyəti danışıqlarda təzyiq aləti kimi istifadə edə biləcəyi qeyd olunur.

