“L’Oréal” Yaxın Şərqdəki münaqişə səbəbindən təxminən 100 milyon avro itkiyə məruz qalıb. Bu barədə şirkətin rəhbəri Nikolya İeronimus bildirib, məlumatı Reuters yayıb.
Onun sözlərinə görə, münaqişə 2026-cı ilin birinci rübündə dövriyyəyə mənfi təsir göstərib.
“Yaxın Şərqdəki vəziyyət dövriyyəyə təxminən 100 milyon avro təsir edib.”
Bununla belə, şirkətin rəsmi hesabatına əsasən, Cənubi Asiya, Sakit okean, Yaxın Şərq, Şimali Afrika və Saharaaltı Afrika regionunu əhatə edən bazarda ümumi gəlir artıb.
Məlumata görə, bu region üzrə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% artım göstərib. Şirkət qeyd edir ki, satışların əsas hissəsi onlayn platformalar üzərindən həyata keçirilir.
“L’Oréal” həmçinin bildirib ki, satış artımı xüsusilə Vyetnam və Hindistanda müşahidə olunub. Bununla yanaşı, Yaxın Şərq ölkələrində, xüsusilə Birləşmiş Ərəb Əmirliklərində satışlar azalıb, lakin Səudiyyə Ərəbistanında əvvəlki səviyyə qorunub saxlanılıb.

