Dünyanın aparıcı mərkəzi bankları yaxın illərdə dollar ehtiyatlarını azaltmağı planlaşdırır.
Londonda yerləşən Rəsmi Pul və Maliyyə Qurumları Forumu (OMFIF) təxminən 10 trilyon dollarlıq aktivləri idarə edən 90 mərkəzi bank, dövlət pensiya fondu və suveren fondun iştirakı ilə hazırladığı sorğunun nəticələrini açıqlayıb.
Hesabata görə, OMFIF-in 2010-cu ildən bəri apardığı araşdırmalarda ilk dəfə mərkəzi banklar qarşıdakı 10 il ərzində dollar ehtiyatlarını artırmaq deyil, azaltmaq niyyətində olduqlarını bildiriblər.
Qeyd olunur ki, ABŞ-da siyasi qeyri-müəyyənlik və artan geosiyasi risklər rezerv menecerlərini dollar aktivlərinə yenidən baxmağa vadar edib.
Mərkəzi banklar dolların qlobal sistemdəki çəkisinin azalması fonunda rezervlərini şaxələndirməyə çalışır. Sorğuya əsasən, mərkəzi bankların xalis 30 faizi yaxın 1-2 il ərzində qızıl ehtiyatlarını artırmağı planlaşdırır. OMFIF-in məlumatına görə, 2026-cı ildə mərkəzi bankların 82 faizi fiziki qızıl saxlayır.
Hesabatda Norveç kronu və Yeni Zelandiya dollarına da rezerv valyutası kimi marağın artdığı bildirilir. İngiltərə funt sterlinqinə tələbatın yüksəldiyi, avro və Çin yuanının isə struktur problemlərə baxmayaraq, rezervlərin şaxələndirilməsi üçün portfellərdə qalmaqda davam etdiyi qeyd olunur.
Rezerv idarəçiliyində texnologiyanın rolu da artır. Məlumata görə, mərkəzi bankların üçdə ikisindən çoxu yaxın dövrdə rezerv idarəçiliyi proseslərində süni intellektin tətbiqini genişləndirməyi planlaşdırır. Reuters də OMFIF sorğusuna əsasən bildirir ki, mərkəzi bankların 79 faizi qlobal pul sisteminin çoxqütblü struktura doğru dəyişdiyini düşünür.
Kamu fondlarının investisiya seçimlərində də dəyişiklik müşahidə olunur. Sorğuya qatılan fondların 38 faizi inkişaf etməkdə olan ölkələrə yatırımlarını artırmağı planlaşdırır. İnkişaf etmiş iqtisadiyyatlara yönələn investisiya marağı isə 47 faizdən 25 faizə enib.
Hesabat göstərir ki, qarşıdakı illərdə mərkəzi bankların rezerv siyasətində dolların çəkisi azala, qızıl, alternativ valyutalar və süni intellekt dəstəkli investisiya strategiyaları isə daha çox ön plana çıxa bilər. (Haberler.com)

