Yunanıstanda yaşayış binalarına qarşı törədilən hücumlar faciə ilə nəticələnib.
Yunanıstan mediasının məlumatına görə, hadisə səhərə yaxın saat 04:00-04:45 radələrində baş verib. Bildirilir ki, kamp qaz balonlarından istifadə edilməklə hazırlanmış əl işi partlayıcı qurğularla bir neçə yaşayış binası hədəfə alınıb.
Yunanıstan polisi yaralanmaların avtomobil və motosikletlərin yandırıldığı son hücum zamanı baş verdiyini açıqlayıb.
Yanğın zamanı yandırılan avtomobillərdən birinin hakim Yeni Demokratiya Partiyasının deputatlığa namizədi Afroditi Nestoraya məxsus olduğu bildirilib.
Bədənində yanıq xəsarətləri alan Nestora xəstəxanaya yerləşdirilib. Onun reanimasiya şöbəsinə aparılan anası isə həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını itirib.
Hadisə nəticəsində binada yaşayan daha iki nəfərin də xəstəxanada müalicə aldığı qeyd olunur.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis yaralıları ziyarət etmək üçün gün ərzində Salonikiyə gedib. O, baş verən ölümü ictimai həyatda “kor zorakılığın” göstəricisi adlandırıb.

“Radikal ünsürlərin axıtdığı qana və səpdiyi nifaq toxumlarına artıq dözümlülük göstərilməyəcək. Dövlətin legitimliyi və cəmiyyətin birliyi terrorizmi aid olduğu yerə — marjinal sahəyə sıxışdırmalıdır”, — deyə Mitsotakis açıqlamasında bildirib.
Yeni Demokratiya Partiyasının Siyasi Komitəsinin katibi Konstantinos Kuranakis isə hücumların birbaşa partiya üzvlərinin evlərini hədəf alan terror aktı olduğunu deyib. Onun sözlərinə görə, cinayəti törədənlər öldürmək niyyəti ilə hərəkət ediblər.
“Yeni Demokratiya ailəsi terrorla qorxudula bilməz”, — deyə Kuranakis bildirib.
Qeyd olunur ki, Yunanıstanda siyasətçilərin, polislərin və digər rəsmi şəxslərin əmlakına qarşı radikal qruplar tərəfindən oxşar hücumlar zaman-zaman baş verir. Lakin belə hadisələr adətən insan tələfatı ilə deyil, maddi ziyanla nəticələnir.

