Peruda 24 yaşlı gözəllik kraliçası Şarol Abiqayl Kortes Krusun müəmmalı ölümü ilə bağlı istintaq aparılır. Hadisədə onun həkim sevgilisi şübhəli bilinir.
Bu barədə Britaniyanın Need To Know nəşri məlumat yayıb.
Bildirilib ki, Utkubamba əyalətində gözəllik müsabiqəsinin qalibi olmuş gənc qadının meyiti oktyabrın 4-də sevgilisi, 35 yaşlı anestezioloq Xunior Conatan Rodriqes Arista ilə yaşadığı mənzildə tapılıb.
Hadisə barədə polisə həkim özü məlumat verib. O, evə qayıdarkən sevgilisini huşsuz vəziyyətdə tapdığını və qadının intihar etmiş ola biləcəyini bildirib.
Lakin mərhumun yaxınları bu versiyanı qətiyyətlə rədd ediblər.
Mənzildə aparılan axtarış zamanı güclü təsirə malik ağrıkəsici və digər tibbi preparatlar aşkarlanıb. İstintaqın məlumatına görə, Aristanın işlədiyi xəstəxanada həmin dərmanlara çıxışı olub.
Gənc qadının ailəsi onun bir il yarım davam edən münasibəti ərzində mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qaldığını iddia edib. Yaxınlarının sözlərinə görə, Kortes Krus sevgilisindən şikayət etmək istəyəndə kişi onun bacısını və nənəsini öldürməklə hədələyib.
Hər ikisi tibb sahəsində çalışıb: Arista anestezioloq, Kortes Krus isə tibb bacısı olub.
Son məlumata görə, məhkəmə qadının ölümü ilə bağlı araşdırılan həkim barəsində doqquz aylıq həbs qətimkan tədbiri seçib. Hadisə qadın qətli şübhəsi ilə araşdırılır.

