Yaşıl çay nə çəki azaldır, nə də kalori “yandırır” – bu sadəcə mifdir.
Denmedia.az xəbər verir ki, bu barədə “Qazeta.ru”-ya danışan Perm Dövlət Milli Tədqiqat Universitetinin “Kimya və biotexnologiya” kafedrasının dosenti, farmasevtika elmləri namizədi Anastasya Boteva bildirib.
Alimin sözlərinə görə, yaşıl çayda kofein, katexinlər və teanin kimi maddələr var, onlar antioksidant və tonusverici təsir göstərsələr də, metabolizmə təsirləri çox zəifdir.
“Bitkilərin və insanların genetik sistemləri uyğun deyil. Həzm zamanı hər hansı DNT — o cümlədən çayın DNT-si — tam parçalanır və insan genlərinə təsir göstərə bilməz,” – deyə Boteva izah edib.
O vurğulayıb ki, yaşıl çay heç bir şəkildə kalorini “neytrallaşdıra” bilmir:
“Əgər siz 500 kalorilik tort yeyib üstünə yaşıl çay içsəniz, bədən həmin 500 kalorinin hamısını qəbul edəcək. Çay onları nə yandırır, nə də udulmasını bloklayır.”
Mütəxəssis əlavə edib ki, “detoks” və “təmizlənmə” kimi miflər insanları səhv vərdişlərə sürükləyir: insanlar özlərini çayla “bağışladıqlarını” düşünərək daha çox şirniyyat yeyirlər. Nəticədə qan şəkəri oynayır, xolesterin artır, qaraciyər və mədəaltı vəzi yüklənir.
Həmçinin çox güclü çay mədənin selikli qişasını qıcıqlandıra, içindəki taninlər isə dəmirin sorulmasına mane ola bilər, bu da anemiya riskini yüksəldir.
Şəkərli çay isə, əksinə, kariyesin yaranmasına şərait yaradır.
“Formada qalmaq üçün “möcüzə içkilər” yox, sağlam vərdişlər lazımdır: balanslı qidalanma, hərəkətlilik, normal yuxu və şəkərin azaldılması. Yaşıl çay faydalı ola bilər, amma həyat tərzini əvəz etmir,” – deyə alim vurğulayıb.