Dəhşət filmlərinə baxmaq psixoloji baxımdan müsbət təsir göstərə bilər.
DenMedia.az xəbər verir ki, NEWS.ru-ya danışan psixoloq, psixosomatika üzrə mütəxəssis Olqa Teterina bildirib ki, bu janr insana nəzarət olunan stress yaşamağa və gündəlik problemlərdən uzaqlaşmağa imkan verir.
“Dəhşət filmlərinə baxmaq – nəzarət olunan stressdir. Beyin qorxu və gərginlik kimi intensiv emosiyaları yaşayır, amma eyni zamanda başa düşür ki, biz təhlükəsiz mühitdəyik. Bu, insanda nəzarət və sabitlik hissi yaradır. Nəticədə isə psixoloji boşalma baş verir: izləyici tam prosesə fokuslanır və onu həyatda narahat edən şeylər ikinci plana keçir. Psixika dincəlir,” – deyə Teterina izah edib.
Mütəxəssisin sözlərinə görə, burada müqayisə effekti də rol oynayır — yəni ekranda gördüyümüz qorxular fonunda öz problemlərimiz daha yüngül və həllolunan görünür.
Bu isə insana öz həyatına fərqli bucaqdan baxmaq imkanı yaradır.
“Amma çox həssas və tez təsirlənən insanlara dəhşət filmləri izləməyi məsləhət görmürəm, çünki bu cür filmlər onlarda əks təsir yarada bilər,” – deyə psixoloq əlavə edib.

