İsti havada süd məhsulları, yumurta və kremli qənnadı məmulatları xüsusi təhlükə yarada bilər.
Bunu həkim İrina Volgina “Lenta.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, kifayət qədər termiki emaldan keçməmiş ət məhsulları da sağlamlıq üçün risk daşıyır.
Həkim bildirib ki, isti havada süd məhsulları potensial infeksiya mənbəyinə çevrilə bilər. Saxlanma şəraiti pozulduqda bu məhsullarda mikroorqanizmlər, o cümlədən Streptococcus spp. fəal şəkildə çoxala bilər. Bu isə qidaların çirklənməsinə və qida infeksiyalarının yaranmasına səbəb ola bilər.

Volgina qeyd edib ki, yüksək temperatur şəraitində məhsulların saxlanma müddəti xeyli qısalır, onların saxlanma şərtlərinə isə daha ciddi əməl olunmalıdır.
Ekspertin sözlərinə görə, qida zəhərlənmələrinin törədiciləri müxtəlif olsa da, simptomlar adətən oxşar olur: hərarət, halsızlıq, üşütmə, ürəkbulanma, qusma, ishal və qarın ağrısı.
Həkim bu əlamətlər yarandıqda dərhal həkim çağırmağı, həkim gələnədək isə mədəni yumağı, daha çox maye qəbul etməyi və enterosorbentlərdən istifadə etməyi tövsiyə edib.

